HİKMƏTLİ SÖZLƏR

***

• Elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitaba bərabər olsun. Elə kitablar da axtarın ki, mütaliəsi filosoflarla söhbətə dəysin.

Ə. H. Bəhmənyar

***

• Bədii əsərin ömrü onun xalq tərəfindən bəyənilməsindən asılıdır.

S. Vurğun

***

• Kişi bir sənəti bilər xalis
• Çoxuna meyl edən qalar naqis

Seyid Əzim

***

• Yaxşı kitab çox qiymətli xəzinədir.

H. Zərdabi

***

• Axmaqlarla oturub-durmaqdansa, kitabla tənha oturmaq yaxşıdır.

Q. Zakir

***

• Bilik öyrənməyi ar bilən hər kəs
• Dünyada mərifət qazana bilməz.

Nizami

***

• Bir elm öyrənmək istədikdə sən

• Çalış ki, hər şeyi kamil biləsən
• Kamil bir palançı olsa da insan
• Yaxşıdır yarımçıq papaqçılıqdan.

Nizami

***

• Dünyada nə qədər kitab var belə
• Çalışıb əlləşib gətirdim ələ
• Oxudum, oxudum, sonra da vardım
• Hər gizli xəznədən bir dürr çıxardım.

Nizami

***

• Elmi bələkdən qəbrədək öyrənmək lazımdır.

Sədi

***

• Oxuduğuna əməl etməyən alim məşəl gəzdirən kora bənzər.

Sədi

***

• Bu günü daha yaxşı görmək üçün keçmişi bilməliyik.

Ömər Xəyyam

***

• Yarat bir əsər ki, adın ucalsın
• Sən ölüb gedərkən yerində qalsın

Ə. Cami

***

• Lazım olan bir sənəti axtar sən
• Veyil-veyil dolanmaq çox yamandır.
• Lazım olan bir sənəti tapdınmı
• Möhkəm yapış, əldən vermə, amandır.

Ə. Cami

***

• Hər millətin tərəqqisi və fəaliyyətinin başlıca amili elm və əxlaqdır.

A. Şaiq

***

• Müdrik şəxs vəzifəli adamlara möhtac olmaya bilər. Amma vəzifəli şəxslər müdrik adama möhtacdırlar.

M.Ş.Vazeh

***

• İnsan qılıncının kəskinliyi ilə qəhrəman ola bilməz, ağlın kəskin olması lazımdır.

M. S. Ordubadi

***

• Sözün də su kimi lətafəti var
• Hər sözü az desən daha xoş olar
• Bir inci saflığı varsa da suda
• Artıq içiləndə dərd verir su da.

Nizami

***

• Ədəb sayılsa da məclisdə susmaq
• Məsləhət zamanı danışmaq gərək
• İki şey ağıla nöqsan sayılır
•Yersiz susmaq ilə yersiz söz demək

Sədi

***

• Gil qabın möhkəmliyini səsi ilə yoxlayan kimi, insanı da ağzından çıxan söz ilə yoxlayırlar.

Əbül Fərəc

***

• Elə cinayət var ki, bağışlanmır, bu vətənə xəyanətdir.

Ə. H. Bəhmənyar

***

• Vətənin sevməyən insan olmaz
• Olsa, o şəxsdə vicdan olmaz.

A. Səhhət

***

• Bir yoxsul qürbətdə şah olsa əgər
• Hər axşam o vətən deyib ah çəkər.

Əssar Təbrizi

***

• Milli qüsurlara görə millətə nifrət edən alçaqdır.

Y. V. Çəmənzəminli

***

• Amal uğrunda ölmək-əbədi yaşamaqdır.

Ş. M. Xiyabani

***

• Bir mərd ilə ağı yesən şirindir
• Yüz namərdlə şəkər yesən dad olmaz.

Aşıq Ələsgər

***

• Döyüş meydanında can versə insan
• Xoşdur, namərdliklə qoyub qaçmaqdan.

Sədi

***

• Ölümdən qorxmayan millətə ölüm yoxdur.

Ş.M.Xiyabani

***

• Vəfasız dost kölgə kimidir. İşıqlı gündə səni izləyər, buludlu gündə gözdən itər.

M. Beyləqani

***

• Çox gözəl olsa da eybi gizlətmək
• Dost dostun eybini örtməsin gərək.

Nizami

***

• Bacarsan hamının yükünü sən çək
• İnsana ən böyük şərəfdir əmək.
• Sən də əldən düşüb yorulsan əgər
• Sənin də yükünü bütün el çəkər.

Nizami

***

• Kim ana qəlbinin telini qırar
• Tanrının qəzəbi belini qırar.
• Sənin arsızlığın-xəyanət ona Vüqarın, təmkinin dəyanət ona.

M. Bahar

***

• Adın şərəflidir sənin ey qadın
• Dahilər anası çağrılır adın.

S. Vurğun

***

• Qadına əsas şey həya, ismətdir
• Bunlar qadın üçün böyük sərvətdir.

M. Əvhədi

***

• Bir ürəkdə olmaz iki sevgili
• İki ürəklinin düz olmaz dili.

Nizami

***

• Məhəbbət odur ki, odu sönməsin
• İnsan yaşadıqca üzü dönməsin

Nizami

***

• Fərsiz övlad əldə altıncı barmaq kimidir. Kəsərsən ağrıyar, saxlarsan eybəcər göstərər.

Növzər

***

• Hər şeydə oğurluq haramdırsa, qızlar üçün oğlanın qəlbini oğurlamaq halaldır.

M. S. Ordubadi

***

• Həyat yoldaşı seçməkdə yanılmaq, bütün həyatı uduzmaq deməkdir.

M. S. Ordubadi

***

• Həqiqi ananın ən şərəfli bəzəyi ədəbli, tərbiyəli cocuqdur.

M. Ə. Sabir

***

• Xoşbəxt o adamdır ki, özgənin günahlarını saymağa vaxt itirməyib, öz şəxsi qüsurlarını düzəltməklə məşğuldur.

Əbül Fərəc

***

• Uşağı bütə döndərmək olmaz, böyüdükdən sonra o, qurbanlar tələb edər.

Ü. Hacıbəyov

***

• Eşq-elə bir sirdir ki, gətirmək olmur dilə,
• Lakin örtmək də olmur onu min pərdə ilə.

Ə. Cami

***

• Kəmərə qızıl taxıb qul kimi durmaqdansa, yavan çörək yeyib öz evində ağa kimi oturmaq yaxşıdır.

Sədi

***

• İnsanların ən qüvvətlisi qeyzli vaxtında özünü saxlayandır.

M. T. Sidqi

***

• Ömür səhifəsinə gözəl əməllərdən başqa heç nə yazmayın.

Ə. Cami

***

• Yaxşılığa yaxşılıq hər kişinin işidir
• Yamanlığa yaxşılıq nər kişinin işidir

Azərbaycan atalar sözü

***

• O qədər çox yemə ağırlıq etsin
• O qədər ac qalma can əldən getsin.

Sədi

***

• Xəstəlik törədən amilləri sən
• Çalış ki, özündən kənar edəsən
• Uzaq ol dərmandan, acmamış yemə
• Doymamış əlini götür süfrədən.

Ə. Cami

***

• İçkinin başlanğıcı günah, ortası sərxoşluq, sonu fəlakətdir.

Ə. Xəqani

***

• İki adam öldü və dünyadan həsrət getdi: biri yığdı yemədi, digəri bildi eləmədi.

Sədi

***

• Ya göründüyün kimi ol, ya da olduğun kimi görün.

Cəlaləddin Rumi

***

• Hər sözü bir ulduz, bir şəffaf almaz,
• Mənalar dünyası qaranlıq deyil,
• Bu böyük kitablar yaranır az-az,
• Çünki ömürlükdür, bir anlıq deyil.

S. Vurğun

***

• Şairin sözü insan qüvvəsinin sərkərdəsidir.

S. Vurğun

***

• Sən ancaq öyrənməklə ucalarsan.

M. Əvhədi

***

• Nursuz göz kimidir elmsiz ürək,
• Nadan insanlıqdan uzaqdır gerçək.

M. Əvhədi

***

• Elmin cövhəri qızıl kimidir, köhnəldikcə təzələnir.

M. Əvhədi

***

• Qüvvət elmdədir, başqa cür heç kəs,
• Heç kəsə üstünlük eyləyə bilməz.
• Hər uca rütbədən biliniz, fəqət,
• Alimin rütbəsi ucadır əlbət.

Nizami

***

• Elmi olub, ağlı olmayan adama elm əziyyət verər.

Nuşirəvan Adil

***

• İnsanın bildiyi və öyrəndiyi şeylər bilmədiyinin müqabilində heç dərəcəsindədir.

M. T. Sidqi

***

• Daş-qaş əvəzinə özünə bilik yığsan daha çox tanınarsan: ən qiymətli daşı salıb itirə bilərsən, ən sadə biliyi isə səndən heç kəs ala bilməz.

Əbül Fərəc

***

• İstedadlı kor, istedadsız ağıllıdan daha yaxşı görür.

R. Həmzətov

***

• Əsl gözəllik surətdə deyil, ağıl və kamaldadır.

F. Köçərli

***

• İnsana arxadır onun kamalı,
• Ağıldır hər kəsin dövləti, malı.

Nizami

***

• Amandır, ağlını unutma ki, sən
• Gülünü tikana dəyişməyəsən.

Nizami

***

• Əlində yumşalsa dəmir, onu bil,
• Tədbirlə yumşalar, hiddətlə deyil.

Nizami

***

• Ağıllı, səxavətli adamlar mallarını dostlarla yeyərlər, ağılsız xəsislər isə yeməyib, düşmənlərə saxlayarlar.

Ə. Cami

***

• Hikmətə bax: gör nə demiş atalar;
• Qısa sözdə olar dərin mənalar.

Keykavus

***

• İnci tək sözlər seç, az danış, az din,
• Qoy az sözlərinlə dünya bəzənsin.
• Az sözün inci tək mənası olmaz,
• Çox sözün kərpic tək qiyməti olmaz.

Nizami

***

• Xəlqə ağzın sirrini hərdəm qılır izhar-i söz
• Bu nə sirdir ki olur hər ləhzə yoxdan var söz.

Füzuli

***

• Cəbhədə qılınc, məclisdə gözəl nitqə malik olanlar qəhrəmandır.

M. S. Ordubadi

***

• Arif ol, söhbəti müxtəsər eylə,
• Uzun danışandan qaç, həzər eylə.
• Yüz əyri ox atsan olmaz dəyəri,
• Bir ox at hədəfdən getməsin əyri.

Sədi

***

• Demədiyimi hər vaxt deyə bilərəm, lakin dediyimi dana bilmərəm.

Ə. Cami

***

• Vətənim verdi mənə nanü-nəmək
• Vətəni məncə unutmaq nə demək.

A. Səhhət

***

• Acizlik ürəyi ağrıdır, bilsən
• Bir alçaqlıq olar hər zülmə dözsən.

Nizami

***

• Düzdür, yerindədir əlim-ayağım,
• Vardır bədənimdə canım da hətta,
• Ancaq bir iş var ki, yox azadlığım,
• Ağrıdır yaşamaq əsarət altda.

M. Cəlil

***

• Fikir azadlığı olmadan tərəqqi mümkün ola bilməz.

M. F. Axundov

***

• Amal uğrunda ölmək-əbədi yaşamaqdır.

Ş. M. Xiyabani

***

• Mərd oğlun qəhrini çəkən mərd ana,
• Mərd igid meydanda durar mərdana

Aşıq Ələsgər

***

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir