Azerbaijanian Turkish
AZ
türkçəsi
TR
türkçesi
  |  

Ana səhifə

Ön söz (səsli və yazılı)

Azərbaycan ədəbiyyatı

  • Şairlər və yazıçılar
  • Folklor
  • Hikmətli sözlər
  • Atalar sözü
  • Sözlük
  • Maraqlı tapmacalar
  • Azərbaycanda azan sədası

    Musiqi  yeni

    Operetta

    Xaricdəki təşkilatlar

    Milli mətbəx

    Foto-şəkil albomu

    Şamaxı şəhidliyyi

    Nevruz dədə (R. A.)

    Təşəkkür edirik

    Kim nə dedi

    Qonaq kitabi

    My Ummah

    Dinlə

    KONSERTDƏN ŞƏKİLLƏR
     
     
    Səhifənin sayğacı
    Cəmi:510,682
    Bu gün:12
    Hal hazırda:1
    IP ünvanınız:54.80.60.91

    NEVRUZ DEDE
    Son Osmanlı

    7 yaşında ikən Nuri Paşanın komandanlığı altındakı hərbi hissə ilə birlikdə Azərbaycana gələn Cəfərov Novruz 96 yaşında idi və uşaqlıq illərinin İstanbulu üçün darıxırdı. 1917-ci ildə erməni-rus orduları Azərbaycana qan uddururdu. Müsəlman türk əhali çətin vəziyyətdə idi. Osmanlı hökuməti kömək məqsədiylə o dövrün məşhur əsgərlərindən olan Nuri Paşanın komandanlığı altındakı ordunu Azərbaycana göndərir. Bu hərbi hissədə Əhməd adlı balaca bir uşaq da var idi. Əhmədin atası yüksək rütbəli Osmanlı zabiti olan Nemətullah bəy, anası isə Fatma xanım idi. Əhməd kiçik yaşlarından anasını itirmişdi. Yürüş əmri alan Nemətullah bəy oğlunu əmanət edə biləcəyi bir qohumu olmadığı üçün 7 yaşlı oğlu Əhmədi də özü ilə bərabər götürməyə qərar verir. Hərbi hissənin İstanbulda başlayan uzun və yorucu səfəri Gəncədə başa çatır. Şəhərə daxil olarkən Əhmədin atası onu uşaq evinə verir. Sonra da Azərbaycanın daxili ərazilərində davam edən döyüşlərdə iştirak etmək məqsədiylə müharibəyə gedir.

    Dünənin balaca Əhmədi olan Cəfərov Novruz ağ saqqallı baba olmuşdu və Bakıda yaşayırdı. Dimdik duruşu, qartal baxışı və üzündəki cizgilər onun başqa bölgəyə mənsub olduğunu göz önünə çıxarırdı. Bakıdakı türk məzarlığında adları bürünc lövhələrə yazılmış qəhrəmanlara baxıb «Mən bura onlarla birlikdə gəldim» deyərdi. Sonra da gözlərini üfüqə dikərək bunları söyləyərdi: «Onlar atamın dostları idi, mənim də əmilərim. İstanbuldan Gəncəyə qədər uzanan yolda onlarla dost olmuşdum»


    İstanbul həsrəti ilə yanan könül

    Cəfərov Novruz 1910-cu ildə İstanbulda anadan olmuşdur. Aradan keçən uzun illərə baxmayaraq «İstanbul» adını eşidəndə həyəcanlanır və ürəyində doğulduğu şəhəri ömrünün son illərində görmək arzusu oyanırdı. İstanbula qarşı duyduğu sevginin əsasını uşaqlıq hafizəsində qalan gözəl xatirələr təşkil edirdi. Uşaqlıq illərindən xatırladığı mənzərə yaşadıqları ev və yaxınlıqdakı məscid idi. «5-6 yaşlarında dostlarımla birlikdə evimizin qarşısında oynayardıq.» deyirdi. Evlərinin yanındakı məscidin cüt minarəli olduğunu söyləyirdi. Dostları ilə məsciddə gizlənpaç oynayarlarmış. Bəzən namaz qılan insanlarla birlikdə əyilib-qalxarlarmış. İnsanlar da onların başını tumarlayar, şəkər və ya pul verərlərmiş. Bəzən də çox səs-küy çıxarar, bu dəfə də insanları özlərindən çıxararlarmış.

    Novruz babanın yadından çıxmayan başqa bir epizod evlərinin qarşısındakı izdiham idi. “Həmin gün rəhmətlik anamın öldüyü gün idi.” Anasının gənc yaşlarında ölməsi ona çox pis təsir etmişdi. Atasının bir-neçə dəfə gizli-gizli ağladığının şahidi olmuşdu. Dostlarının heç birini xatırlamır. Onlara aid nə bir şəkil var, nə də adlarını xatırlayır. 7 yaşına qədər yaşadığı İstanbuldan hafizəsində qalanlar bunlar idi. Bir də məscid minarələrindən yayılan azan səsləri qalmışdı qulaqlarında.


    Ata deyərək hayqırır və özündən gedir

    Balaca Əhmədin Gəncədəki günləri çox çətin keçir. Anasının vəfatından sonra doğma Vətəni və dostlarından ayrı düşmək ona çox çətin idi. Bütün bunlar azmış kimi Vətənindən uzaq qərib ölkədə yeganə yaxını olan, ürəyi sıxılanda boynuna sarılıb təsəlli tapdığı atası da yanında deyildi. Anasının yoxluğuna bir də ata həsrəti əlavə olunur. Gecələr ana-ata fəryadı ilə oyanır və səhərə qədər ağlayır. Bəzi gecələr uşaq evinin xidmətçisi də ona qoşulur. Uşaq evində qaldığı iki il boyunca heç nə balaca Əhmədi təsəlli etmir.

    Bu vaxt Azərbaycan müstəqilliyini elan edir. O zaman doqquz yaşında olan Əhməd atasından bir xəbər almaq düşüncəsiylə əvvəlcə Bakıya, sonra da İran sərhədinə yaxın olan Lənkəran şəhərindəki uşaq evinə göndərilir. 28 aprel 1920-ci ildə rus ordusu Azərbaycanı yenidən işğal edincə bu vaxta qədər ölkədə qalmış Osmanlı əsgərləri bir-bir, iki-iki İrandan Vətənlərinə qayıdırlar. Ata həsrətinə dayana bilməyən Əhməd bir xəbər almaq arzusuyla uşaq evindən qaçaraq İranın Astara şəhərinə gedir. Bir il boyunca atasının izini tapmağa çalışır. Atasını gördüm deyən olmur. Boynu bükülür və yenidən Lənkərana qayıdaraq uşaq evində yaşamağa başlayır. Ümidini tamamilə kəsir. Özünü atasız və anasız gələcəyə hazırlayır.


    Qəfəsdəki quş kimi çırpınmaq

    Balaca Əhməd atası Nemətullah bəyi axtararkən atası da oğul həsrəti ilə yanır, sevimli həyat yoldaşından yadigar qalan övladını tapmaq istəyir. Ancaq Azərbaycan torpaqları Osmanlı əsgərləri üçün təhlükəli bir yer idi artıq. Bolşeviklərin hakimiyyətdə olduğu bu torpaqlarda Osmanlı əsgərlərini mühakimə edən məhkəmələr qurulmuşdu.

    Canlarını qurtara bilənlər İrandan Anadoluya keçməyə çalışırlar. Ancaq bura da onlar üçün təhlükəli idi. Aynalı və beş atılan adlanan Osmanlı tüfəngləri çox qiymətli olduğu üçün bu dəfə də quldurlara rast gəlirlər. Bəzilərinin əşyaları oğurlanır, bəziləri də öldürülür. Nemətullah bəy əsla geri dönmək istəmir. Onun həyatında bir məqsədi var idi. O da oğlunu tapmaq. Əvvəlcə Gəncəyə, sonra da Bakıya gedir. Bolşeviklər tərəfindən yaxalanaraq edam edilmək qorxusuyla paytaxtdan ayrılır və Lənkərana gedir.

    Qəfəsdəki quş kimi çırpınır. Bir tərəfdə övladını qürbətdə qoyub getmək, digər tərəfdə də ölüm qorxusu var idi. Nəhayət qərar verir. Lənkərandan İrana keçir. Ancaq övlad həsrəti vicdanını rahat buraxmasa da irəliyə gedə bilmir. İçindəki ümidlə Lənkərana geri qayıdır. Bir gün Lənkəranın küçələrini dolaşarkən balaca Əhmədin ata fəryadını eşidir və həyatının ən xoşbəxt gününü yaşayır.


    Həyatı da dəyişir, adı da.

    Ata oğul uzun illərdən sonra artıq qovuşmuşdular. Ancaq onları nələrin gözlədiyini ağıllarına belə gətirmirdilər. Bildikləri yeganə şey keçmişlərini və haradan gəldiklərini unutmaq idi. Osmanlı zabiti Nemətullah bəy əvvəlcə sovet vətəndaşı Nemət olur. Balaca Əhmədin adı da Cəfərov Novruz olur. Nemətullah bəy tapdığı köhnə bir akkordeon ilə toylarda və bayramlarda çalaraq çörək pulu qazanmağa paşlayır. Lənkəranda akkordeonçu Nemət olaraq ad qazanır. Bir azəri xanım ilə evlənir və Novruzun üç qardaşı olur.

    İstanbuldan gətirdiyi oğlunun təhsil almasını istəyir və onu hərbi məktəbə yazdırır. Bakıda oxuyan Novruz bir gün xəstələnir və müalicə olunmaq üçün Lənkərana atasının yanına gedir. Bir həftədən sonra geri qayıtdığı zaman sürprizlə qarşılaşır. Məktəbdən çıxarılmışdır və məktəb direktoru ordudan qaçdığı üçün onu məhkəməyə vermişdi. Məhkəmədə mühakimə olunur və həbsxanaya göndərilir. Üç il həbsxanada yatan Cəfərov Novruz cəzasını başa vurduqdan sonra yeni həyata başlayır və inşaat fəhləliyi ilə yanaşı başqa işlər də görərək çörək pulu qazanmağa çalışır.


    Alman əsir düşərgələrində yaşananlar

    Aradan illər keçir. 1941-ci ilin yayında Almaniya Sovet torpaqlarına hücum edir. Xalq səfərbər edilir. Cəfərov Novruz da müharibənin ilk günlərində cəbhəyə gedənlərin arasında olur. Cəbhədə «cəsur əsgər» olaraq ad qazanır. 1942-ci ilin payızında Ukraynanın Xarkov şəhəri yaxınlığında yaralanır və almanlara əsir düşür. Əsir düşərgəsində aparılan dini təbliğat o zamana qədər olan fikirlərində mühüm dəyişikliklər yaradır. Əsir azərilərin bir yerə toplanaraq hərbi legion yaradılması işinə kömək edir. Almanların sovet ordularını məğlub edəcəyi ehtimalı ilə Azərbaycanda qurulacaq hökumətin hazırlıq işlərinə başlayır.

    Bu vaxt almanların təlimatıyla bir gecə təyyarə ilə İstanbula gəlir və Məmməd Əmin Rəsulzadəni (Sovet işğalından əvvəl 1918-ci ildə müstəqilliyini elan edən Azərbaycan dövlətinin lideri) götürərək geri qayıdır. İtaliya, Fransa, Avstriya, Bolqarıstan, Polşa, Roma kimi Avropa ölkələrini dolaşaraq azərbaycanlıların işgəncədən xilas olmasına və legionda cəm olmalarına kömək edir. Alman və italyan dilini mükəmməl, fransız dilini də fikirlərini ifadə edəcək şəkildə öyrənir. Müharibə almanların məğlubiyyəti ilə bitir. Həm legion çalışmaları, həm də Azərbaycan dövləti ilə bağlı bütün ümidləri boşa çıxır. 1946-cı ildə Avstriyada yaxalanır və sovet səlahiyyətli şəxslərinə təhvil verilir.


    İşgəncəli illər

    Bakıdakı KQB bürosunun zirzəmisində ağlına gətirə bilməyəcəyi işgəncələrə məruz qalır. Dırnaqları çıxarılır, barmaqları qapı arasında sıxılaraq qırılır, sağlam dişləri kəlbətinlə çıxarılır, əlləri və ayaqları zəncirlənərək huşunu itirənə qədər döyülür. Həmin illərdə Azərbaycan Kommunist Partiyasının lideri hesab edilərək «Bağırovun yerinəmi göz dikdin?» deyə lağa qoyulur. Dindirmə bitdikdən sonra məhkəməyə çağrılır və 25 il həbs cəzası alaraq sürgünə göndərilir. Sürgün yeri KQB zirzəmiləri ilə müqayisə olunmayacaq qədər rahat olsa da havanın çox soyuq olması (-40C0), keçici xəstəliklərin tüğyan etməsi həyatını yenə də çətinləşdirir. Cəfərov Novruzun qarşısında sürgündə keçiriləcək 3-5 il deyil, 25 il dururdu. 1953-cü ilin mart ayında Sovet rəhbəri Stalin ölür. Çox keçmədən Sovet ölkəsində ciddi dəyişikliklər baş verir, qanunlar bir az yumşalır. Stalinin ölümü ilə Cəfərov Novruzun da həyatı dəyişir. 8 il həbsxanada yatdıqdan sonra 1956-cı ildə Vətəninə geri qayıdır.

    Bir daha həyatın acı həqiqətləri ilə üz-üzə gəlir. Zavodda fəhlə işləyir, teatrda səhnəyə çıxır, dövlət xorunda iştirak edir. Bu zaman başqa qabiliyyətləri də ortaya çıxır və şəkil çəkməyə başlayır. Xəyallarında canlandırdığı İstanbuldan iki müxtəlif mənzərəni yağlı boya ilə kətan parçanın üzərində əks etdirir. Hal-hazırda evinin divarını bəzəyən bu şəkillərdə əsas fiqur olaraq balaca Əhmədin yadında qalan İstanbula aid məscidlər, saraylar, mavi dənizlər nəzərə çarpır. Dostlarının təkidi ilə evlənir və 56 yaşında ata olur. Bakıda yaxşı həyatı, hər səhər gedəcəyi bir işi, axşamlar xanımı və uşaqları ilə birlikdə qalacağı üç otaqlı evi var idi artıq.


    Qəlbləri yandıran İstanbul həsrəti

    Cəfərov Novruz 96 yaşında idi. Əvvəlcə həyat yoldaşını, sonra da oğlu Fəxrəddini itirmişdi. Bakıdakı evinin divarlarını Məmməd Əmin Rəsulzadənin Almaniyada ikən hədiyyə etdiyi Quran-i-Kərim bəzəyirdi. Ondan yadigar qalan bir dəst paltar da var. Cəfərov Novruzun müqəddəs bir əmanət kimi saxladığı digər əşya isə Nuri Paşanın papağı idi. Bəzən bu papağı geyinib bayıra çıxar, bəzən də güzgünün qarşısına keçərək acılı günləri xatırlayardı.

    Bu qədər əziyyət çəkməsinə baxmayaraq Novruz dədənin ruhu sağlam idi. Dili də şükürlü idi. Avtobusda gənc xanımlara yer verəcək qədər nəzakətli, kömək istəyənə yardım edəcək qədər dəliqanlı, son çörəyini bölüşəcək qədər comərd biri idi. Gündə beş dəfə həm Türkiyə, həm də Azərbaycan üçün dua edirdi. Ömrünün son illərində ən böyük arzusu İstanbulu görə bilmək idi. İstanbul onun üçün ayrı bir məna kəsb edirdi. Bu şəhərin adını eşitdikdə yerindən sıçrayır və həsrətini çəkdiyi şəhəri görmək arzusu artırdı.

    Onun bu son arzusunu bəzi təşkilatlar yerinə yetirmiş, Novruz dədənin xeyir-duasını almışdılar.

    Novruz dədə 29 yanvar 2006-cı ildə gecə saat 22:30-da 96 yaşında vəfat etmiş, əbədi dünyaya köçmüşdür. Novruz dədə Bakıdakı Keşlə qəbirstanlığında dəfn olunmuşdur. Allah sənə rəhmət eləsin, yerin behiştlik olsun. Səni həsrət və sevgiylə yad edirik.



      


    Nevruz dedemizi bizlərə tanıtaraq sevgisini ürəklərimizə yerləştirən bəyəfəndi qazetəci SEYFULLAH TÜRKSOY'a çox təşəkkür edirik, müvəffəqiyyətlar arzulayırıq.

    Bakıda hava necədir?
    Hazırda: 7° C
    Küləyin sürəti: mm
    Küləyin istiqaməti: Şimal
    The Weather Channel

     
     

    Al-Mu allim

    Dinlə

    KONSERTDƏN ŞƏKİLLƏR

    2006 ©
    Copyright by ZiyaŞahin.com
    Designed by ZiyaŞahin company